İşə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota yerləri üzrə işlə təmin edilməsi

İşə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota yerləri üzrə işlə təmin edilməsi

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kvota – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır.
Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.


Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar aşağıdakılardır:


•    20 yaşadək gənclər
•    yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər
•    sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər
•    pensiya yaşına 2 ildən az qalmış şəxslər
•    əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar
•    cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər
•    məcburi köçkünlər
•    müharibə veteranları
•    şəhid ailələri


Kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5%-dən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:


•    işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi miqdarında
•    işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında
•    işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında

 
Müəssisə və təşkilatlar hər ilin 1 iyul tarixinə olan məlumata əsasən müəssisədəki iş yerlərinin və işçilərin orta siyahı sayı haqqında Dövlət Məşğulluq Agentliyinin ərazi məşğulluq mərkəzləri filiallarına avqust ayının 1-dək rəsmi məlumat verməlidirlər. Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi ərazi məşğulluq mərkəzləri filiallarının və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir.  Sosial müdafiyəyə xüsusi ehtiyacı olan vətəndaşlar işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikdə isə işəgötürənlər Agentliyin ərazi məşğulluq mərkəzləri filialına  və ya “DOST” mərkəzinə ən geci 5 gün müddətində məlumat vermək şərtilə onları işə qəbul edə bilərlər. 


Kvota tətbiq olunan müddətdə kvota üzrə müəyyən edilmiş iş yerində vakansiya yarandığı təqdirdə, işəgötürənlər 5 gün müddətində ərazi məşğulluq mərkəzləri filiallarına və ya “DOST” mərkəzlərinə məlumat verməlidirlər.


Kvota şamil edilməyən müəssisələr aşağıdakılardır:


•    dövlət orqanları
•    mərkəzi və yerli seçkili orqanlar 
•    elm və ali təhsil müəssisələri 
•    işçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr
•  hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları.