İşaxtaran və işsiz kimi qeydiyyata alınma, qeydiyyatdan müvəqqəti çıxarılma və qeydiyyatın ləğvinin təşkili

İşaxtaran və işsiz kimi qeydiyyata alınma, qeydiyyatdan müvəqqəti çıxarılma və qeydiyyatın ləğvinin təşkili

İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması:

 

15 yaşı tamam olmuş hər bir şəxsin işaxtaran kimi qeydiyyata alınması aşağıdakı qaydada həyata keçirilir:

• elektron qaydada qeydiyyat üçün şəxsin www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətinin seçilməsi və müvafiq xanaları doldurulmaqla Əmək və Məşğulluq altsistemində (MAS) qeydiyyata alınması;


•  Dövlət Məşğulluq Agentliyinin ərazi məşğulluq mərkəzləri filiallarına və ya “DOST” mərkəzlərinə (bundan sonra – mərkəzlər) şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edilməsi və müraciət etdiyi mərkəzlər tərəfindən şəxsin MAS-da işaxtaran kimi qeydiyyata alınması.

Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü müddətində mərkəzlər tərəfindən vakansiya bankından münasib iş təklifi seçilərək, işaxtaranın şəxsi kabinetində yerləşdirilir.


İşaxtaran münasib iş təklifini qəbul edib-etmədiyi barədə məlumatı MAS-da yaradılmış elektron kabinetinə daxil edərək təsdiqləməlidir. Münasib işdən imtina etdiyi halda, imtinanın səbəbi göstərilməlidir. Göstərilən səbəb mərkəz tərəfindən əsaslı hesab edildikdə, işaxtarana yeni münasib iş təklif edilir. Əks halda, bu hal münasib işdən imtina hesab edilir.


Vakansiyaya göndəriş təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək, bu barədə məlumatı MAS-a daxil etməlidir. İşaxtaranın işə qəbulu əmək müqaviləsinin bağlanılması ilə rəsmiləşdirilir.


İşaxtaran şəxsə mərkəz tərəfindən 5  iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə vakansiyaya göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxs işsiz kimi qeydiyyata alınır. 


İşsiz kimi qeydiyyata alınmazdan əvvəl işaxtaranın məşğul şəxslərin dairəsinə aid olmaması yoxlanılır. İşaxtaran məşğul şəxs olduqda onun işsiz şəxs kimi qeydiyyata alınmır və bu barədə məlumat səbəbi göstərilməklə, onun şəxsi kabinetində yerləşdirilir. 

 

Məşğul şəxslərə aşağıdakılar aiddir: 

 

• muzdla işləyənlər - işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
• mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
• sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
• haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
• Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
• ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
• Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
• Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

 

Fərdi məşğulluq proqramının tərtib olunması:

 

Fərdi məşğulluq proqramı - işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qaytarılması və işə düzəldilməsində kömək göstərilməsi məqsədi ilə Dövlət Məşğulluq Agentliyinin ərazi məşğulluq mərkəzləri filialları və ya “DOST” mərkəzləri (bundan sonra – mərkəzlər) tərəfindən hazırlanan və özündə aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. 

 

İşsiz kimi qeydiyyata alınmış şəxs qeydiyyata alındıqdan sonra 5 iş günü müddətində yaşayış yeri üzrə mərkəzlərə gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək “Məşğulluq” altsistemində (bundan sonra - MAS) barəsində tərtib edilmiş fərdi məşğulluq proqramını təsdiq etməli və fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etməlidir. 

 

İşsiz statusu verilmiş şəxs 5 iş günü ərzində MAS-da barəsində tərtib edilmiş fərdi məşğulluq proqramını təsdiqləməlidir, əks təqdirdə şəxs barəsində tərtib edilmiş fərdi məşğulluq proqramından imtina etmiş sayılır. Bu halda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır və MAS-da işaxtaran kimi qeydiyyatda saxlanılır.

 

Fərdi məşğulluq proqramının icrası barədə hesabat MAS tərəfindən hər ay üçün formalaşdırılır. İşsiz şəxs elektron kabinetinə daxil olaraq sistemdə hesabatı həmin ayın sonuncu iş günü bitənədək elektron qaydada təsdiqləyərək təqdim etməlidir, əks təqdirdə şəxs barəsində tərtib edilmiş fərdi məşğulluq proqramından imtina etmiş sayılır. Bu halda şəxs işsiz kimi qeydiyyatdan çıxarılır və MAS-da işaxtaran kimi qeydiyyatda saxlanılır.


Aşağıdakı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır:


•  hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
• barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
•  işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində məşğulluq mərkəzinin təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində.

Aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir:

•  mərkəzlərin göndərişi əsasında münasib işlə təmin olunduqda;
•  vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
•  təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;
•  işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə.

Aşağıdakı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır:

• hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
• barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
• ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;
• fərdi məşğulluq proqramının tərtib olunmasından və (və ya) icrasından imtina etdikdə və yaxud fərdi məşğulluq proqramının icrasına dair hesabatı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsinə əsasən,  işsizlikdən sığorta ödənişi aldığı müddət ərzində ayda bir dəfə təqdim etmədikdə.

 

Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir:

 

• “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;
• “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda;
•  vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
•  təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;
•  işsiz kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə;
•  təhsil müəssisəsinə əyani qəbul olunduqda.

 

Aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir:

 

• “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinə əsasən məşğul hesab edilən şəxslər;
• 15 yaşına çatmayanlar;
•  təhsil müəssisəsində əyani təhsil alanlar;
• “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində.

 

İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir. Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya yanlış məlumatlar olduğu üçün işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.