İşsizlikdən sığorta ödənişinin təyin edilməsi
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayının və ya ştatların ixtisar edilməsi, həmçinin əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.
İşsizlikdən sığorta ödənişi hansı hallarda təyin edilir?
İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:
1-ci və 2-ci təqvim ayları üçün – 100%
3-cü və 4-cü təqvim ayları üçün – 80%
5-ci və 6-cı təqvim ayları üçün – 70%
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işsiz şəxslər istisna olmaqla, ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində münasib işlə təmin olunmayan şəxslərin təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işsiz şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
İşsizlikdən sığorta ödənişi almaq hüququ yaranan işsiz şəxslərin himayəsində 18 yaşa çatmamış uşaq olduqda (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, 23 yaşdan çox olmamaqla) əsas sığorta ödənişinə əlavə almaq hüququ vardır. Əlavənin məbləği hər uşağa görə 5% (lakin 20%-dən çox olmamaq şərtilə) artırılır.
QEYD: Sığorta stajı dedikdə, 1 yanvar 2018-ci ilə qədər sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət və 1 yanvar 2018-ci ildən sonra isə sığorta haqqı ödənilən müddət nəzərdə tutulur.