Özünüməşğulluq tədbirləri

Özünüməşğulluğun təşkili

Özünüməşğulluğun təşkili tədbirinin həyata keçirilməsinin əsas məqsədi əhalinin sosial cəhətdən həssas, xüsusilə sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi üçün ənənəvi “passiv” siyasət tədbirlərindən (müavinət  və yardımların verilməsi)  “aktiv” siyasət tədbirlərinə (sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında məşğulluğunun, o cümlədən özünüməşğulluğun təmin olunmasına dəstək) keçiddir.

Bu cür aktiv tədbirlərin genişləndirilməsi və dəstəklənməsi iqtisadiyyatın inkişafı, vergitutmaların əhatə dairəsinin genişləndirilməsi, əlavə dəyərin yaradılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq vərdişlərinin aşılanması və işsizlik səviyyəsinin azaldılmasına imkan yaradacaqdır. 

 

Özünüməşğulluq nədir?

 

Özünüməşğulluq  fəaliyyəti biznesin başlanması üçün istək, minimum bacarıqlar və biznes haqqında təsəvvürü olan əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir.

Özünüməşğulluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzşləşdirilmiş elektron infromasiya sistemi vasitəsi ilə işsiz kimi qeydiyyata alınmış şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir.

 

Özünüməşğulluğun təşkili aşağıdakı mərhələləri əhatə edir:


1. Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

2. Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

3. Özünüməşğulluğun təşkili üçün biznes planın hazırlanmasına köməklik göstərilməsi;

4. Şəxslərə təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;

5. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;

6. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi.

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

 

Özünüməşğulluq proqramına qoşulmaq üçün "Layihələr üzrə müraciət forması"-nı doldurmağınız xahiş olunur.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili” Qaydasının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi”nin 4.5.18-ci yarımbəndini rəhbər tutaraq Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti tərəfindən 2021-ci ildə özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayı və özünüməşğulluq istiqamətləri müəyyən edilib.

 

2021-ci ildə özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayı və özünüməşğulluq istiqamətləri