“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı yaradılan İşçi Qrupun ilk iclası keçirilib

Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı yaradılan İşçi Qrupun ilk iclası keçirilib.

 

İşçi Qrupun sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev layihənin məqsədi, hədəf benefisiarlar və icra mexanizmləri barədə məlumat verib. Qeyd edib ki, layihə, sosial məsələlərlə yanaşı, iqtisadiyyatın və biznesin müxtəlif sahələrini də əhatə edir. Bildirilib ki, biznes təlimləri BƏT-in “Öz Biznesinə Başla, Təkmilləşdir” modullarına əsaslanacaq və təlimləri uğurla başa vuran iştirakçılara müvafiq biznes-paketlər təklif ediləcək.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli hazırda özünüməşğulluq proqramı çərçivəsində iştirakçılara 42 biznes-paket üzrə aktivlər verildiyini diqqətə çatdırıb. Bunlardan 38-i xidmət və istehsal, 4-ü isə kənd təsərrüfatı sahələri üzrədir. “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində isə iştirakçılara yalnız istehsal və xidmət sahələri üzrə aktivlər təqdim ediləcək.

 

“Məşğulluğa Dəstək Layihəsi”nin koordinatoru Fəqan Əsgərov iştirakçıların seçilməsində şəffaflığı təmin etmək üçün istifadə ediləcək metodologiya və mexanizmləri izah edib. Qeyd edib ki, layihə çərçivəsində aktivlərlə təmin edilərək uğurlu biznes fəaliyyəti göstərən benefisiarlara öz bizneslərini daha da genişləndirmək üçün digər həvəsləndirici addımlar planlaşdırılır.

 

İclasda eyni zamanda layihənin Əməliyyat Təlimatının təsdiqlənməsi, təlimçilərin seçilməsi, 27 pilot bölgədə biznes təlimlərinin təşkili üzrə hazırlıq işləri, Qiymətləndirmə Komissiyasının yaradılması və onun rolu, aktivlərin verilməsi, baxış və mentor səfərlərinin təşkili və digər nəzərdə tutulan işlər barədə də müzakirələr aparılıb.

 

alt text