Rəqəmsal məşğulluq xidmətlərinin tətbiqi bu il daha geniş miqyas alacaq

alt text

 

Aktiv məşğulluq proqramlarına cəlb olunanların sayı artmaqda davam edəcək.

 

Dövlət məşğulluq xidmətlərinin elektron infrastrukturunun qurulması, rəqəmsal məşğulluq xidmətlərinin tətbiqi prosesi bu il daha geniş miqyas alacaq. Həmin xidmətlərin e-platformalardan təqdim olunmasında 2021-ci ildə bir sıra yeniliklər olacaq. 


Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib. 


O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət sosial xidmətləri, o cümlədən məşğulluq xidmətləri sistemində geniş vüsət alan elektronlaşma proqramı bu sahədə müasir, çevik, eyni zamanda şəffaf idarəçiliyin və xidmətlərin formalaşmasına yönəlib. Artıq ölkə üzrə bütün vakansiyalar “Məşğulluq” altsistemində toplanır. İşəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirilib. İşsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesi elektronlaşdırılıb, elektron fərdi məşğulluq proqramının tərtibatına başlanılıb. Dövlət Məşğulluq Agentliyinin rəsmi dma.sosial.gov.az internet saytı hazırlanaraq istifadəyə verilib. “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının da qurulması işləri aparılır.


M.Abbasbəyli  bildirib ki, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi də yaradılır.  E-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə işlərə də başlanılıb. 


Agentlik sədri qeyd edib ki, bu elektron xidmətlər ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini təmin edəcək. Bununla inzibati ərazi vahidləri üzrə əsas məşğulluq, demoqrafik, peşə ixtisasları və əmək ehtiyatları balansı göstəriciləri, qeyri-formal məşğulluq sahəsində nəzarət və risk əsaslı yoxlamalar, haqqı ödənilən ictimai işlərin vahid platformada toplanması, təlim, peşəyönümü və peşə hazırlığı fəaliyyəti onlayn müstəviyə daşınacaq.

 

alt text


M.Abbasbəyli  2021-ci ildə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb ediləcəyini, Proqramın genişləndirilməsi işlərində Dünya Bankı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Kommersiya Bankları, BMT-nin İnkişaf proqramı ilə əməkdaşlığın davam etdiriləcəyini deyib. 2021-ci ildə İSO standartlarına uyğun 3 min mütəxəssis hazırlığının nəzərdə tutulduğunu bildirib.


Tədbirdə möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsinin şəhidlərinin ailələrinin, qazilərimizin aktiv məşğulluq proqramları çərçivəsində də sosial dəstəklə təmin olunduqları vurğulanıb.Həmin kateqoriyalardan olan 2000 şəxsin məşğulluq proqramlarına cəlb edildiyi bildirilib. Qeyd olunub ki, onlardan 1700-dən çox şəxs özünüməşğulluq proqramına, 254 nəfər haqqı ödənilən ictimai işlərə, 35 nəfər əməkhaqqının birgə maliyyələşməsi proqramına  cəlb olunub.
M.Abbasbəyli jurnalistlərin suallarını da cavablandırıb.