Şəhidlərin ailə üzvlərinin və qazilərin məşğulluğunu təmin etmək məqsədi ilə növbəti layihəyə başlanılır

Dövlət Məşğulluq Agentliyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Junior Achievement Azerbaijan / Azərbaycan Gənclərinin Nailiyyətinin tərəfdaşlığı ilə "Karyera Akademiyası" layihəsini həyata keçirməyə başlayır.

 

Layihə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvlərinin və qazilərin məşğulluğunu təmin etmək məqsədi ilə həyata keçirilir.

 

Şəhid ailələri üzvləri və qazilərin təhsildə və gələcək karyeralarında daha uğurlu olmaları üçün lazımi bacarıq və vasitələrlə təchiz ediləcəyi layihə çərçivəsində iştirakçılar müxtəlif özəl şirkətlərdə təcrübə keçəcəklər.

 

Dövlət Məşğulluq Agentliyi layihənin tərəfdaşı kimi bu şəxslərin peşəkar kurslara seçilməsini, onların işlə təmin olunmasını təşkil edir. Daha sonra layihə iştirakçıları əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb ediləcəklər.

 

Altı ay müddətində davam edəcək "Karyera Akademiyası" layihəsinə 17 yaşdan yuxarı şəhid ailələrinin üzvləri və qazilər cəlb olunur. İştirakçılar yeni fikirlərin inkişafı, bacarıqların təkmilləşdirilməsi, komandada işləmək bacarığı, ictimai danışıq, qərar vermə, məlumatların analizi, problemlərin həllolunması məsələləri kimi peşəkar inkişaf təlimlərinə qoşulacaq, iş peşəkarları ilə görüşüb, mentor dəstəyi alacaq və təcrübə qazanmaq imkanı əldə edəcəklər.

 

Layihənin ilk üç ayında iştirakçılar təlimlərə qoşulduqdan sonra digər üç ayda AmCham-a üzv olan şirkətlərdə təcrübə keçəcəklər.

 

 "Karyera Akademiyası" layihəsinin sentyabr ayında yekunlaşması planlaşdırılır.

 

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi məşğulluğa kömək sahəsində dövlət siyasətini təmin edir, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə aktiv məşğulluq tədbirlərinin təşkilini, işsizlikdən sığorta vəsaitinin idarə edilməsini, habelə aidiyyati dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərini həyata keçirir.

 

alt text