“İlk dəfə dövlət qurumunda antikorrupsiya standartlarının tətbiqinə başlanılıb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin “Qafqazinfo”ya müsahibəsi:

 

- Dövlət Məşğulluq Xidmətinin bazasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs yaradılıb. Bu da məşğulluq xidmətləri sektorunda əhaliyə xidmət modelinə keçid demək idi. Nələr dəyişdi?

 

- Bildiyiniz kimi ötən il sosial sahədə islahatlar dalğası dövlət məşğulluq xidmətləri sektorunun timsalında da inzibati idarəetmənin əhaliyə xidmət modeli ilə əvəzlənməsinə səbəb oldu. Qeyd etdiyiniz kimi bu məqsədlə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs yaradıldı.

 

Bu islahat vətəndaşlara daha yüksək səviyyəli xidmətlərin göstərilməsinə, bu xidmətlərin çevikliyi və əlçatanlığının, şəffaflığının təmin edilməsinə hesablanıb. Nəticə etibarilə qeyd olunan struktur dəyişikliyi DOST nümunəsində olduğu kimi, dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğu prinsipinə uyğun təşkili və göstərilməsi üçün fəaliyyət dairəsini xeyli genişləndirib.

 

Qurumun struktur vahidləri tam yenilənərək, yeni xidmət modelinə uyğun qurulmaqla, əməkdaşların peşə və kvalifikasiya səviyyəsi də ciddi şəkildə artırılıb. Digər tərəfdən, xidmətlərdə şəffaflığın tam təmin edilməsi məqsədilə dövlət orqanları arasında ilk dəfə olaraq qurumda ISO-37001 antikorrupsiya standartlarının tətbiqi işlərinə başlanılıb.

 

alt text

 

Agentlik tam yeni, müasir və təkmil bir quruma çevrilmək məqsədilə rəqəmsal məşğulluğa keçid, xidmətlərin rəqəmsallaşdırılması əsas prioritet istiqamət kimi müəyyən edib. Prosesi sürətli və keyfiyyətli aparmaq məqsədilə “Rəqəmsal məşğulluğun inkişafı” adlı yeni və geniş tərkibli bir departament də yaradılıb.

 

- Rəqəmsal məşğulluğa keçidi qeyd etdiniz. Bu istiqamətdə hansı işlər görülür?

 

- Bu prosesin başlanğıcı olaraq, artıq ölkə üzrə bütün vakansiyaların “Məşğulluq” altsistemində toplanmasına başlanılıb. İşəgötürənlərin kağız üzərində hesabat təqdim etmə praktikası ləğv edilərək bu proses elektron müstəviyə keçirilib. İşsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesi elektronlaşıb, elektron fərdi məşğulluq proqramının tərtibatına başlanılıb.

 

Prosesin davamı olaraq isə artıq əmək münasibətləri və məşğulluq altsistemi - ƏMAS adlı vahid əmək münasibətləri platforması, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə işlərə başlanılıb.

 

Rəqəmsal məşğulluğun təşkili istiqamətində ƏMAS ilk mühüm addım kimi xüsusi önəm kəsb edir. Ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir “ERP” formatında olacaq ƏMAS bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini özündə birləşdirəcək.

 

ƏMAS bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək. Əmək müqaviləsinin e-formada bağlanması, rəqəmsal kadr-uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində ƏMAS önəmli rol oynayacaq.

 

Altsistemin tərkibində risk əsaslı yoxlama, elektron audit və elektron cərimə modulları da yaradılacaq. İstehsalatda baş verən bədbəxt hadisələrin reyestri formalaşdırılacaq və s. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlərlə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcək. Bir sözlə: ƏMAS işəgötürənlər (xüsusilə də kiçik və orta sahibkarlar) üçün əmək münasibətlərinin daha rahat şəkildə tənzimlənməsində mühüm rol oynayacaq.

 

alt text

 

- ƏMAS nə zaman istifadəyə veriləcək?

 

Vahid əmək münasibətləri platforması yaxın zamanda artıq test rejimində fəaliyyətə başlayacaq.

 

Əminliklə qeyd edə bilərəm ki, həm ƏMAS, həm də digər elektron xidmətlərimiz ölkənin bütün insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidinə imkan verəcək. İnzibati ərazi vahidləri üzrə əsas məşğulluq, demoqrafik, peşə ixtisasları və əmək ehtiyatları balansı göstəricilərini, qeyri-formal məşğulluq sahəsində nəzarət və risk əsaslı yoxlamaları, haqqı ödənilən ictimai işlərin vahid platformada toplanmasını, təlim, peşəyönümü və peşə hazırlığı fəaliyyətinin onlayn müstəviyə daşınmasını təmin edəcək.