“Yerli şirkətlərin tanıtım sərgisi”ndə əmək yarmarkaları təşkil ediləcək

6-cı dəfə keçiriləcək sərgidə 300-ə yaxın yerli şirkətin

məhsul və xidmətləri təqdim olunacaq

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group”un birgə təşkilatçılığı və "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə iyunun 18-21-də Bakı Ekspo Mərkəzində “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.

 

Dövlət Məşğulluq Agentliyi sərgidə ayrıca stendlə təmsil olunacaq və sərgi günlərində sosial tərəfdaşların iştirakı ilə əmək yarmarkaları təşkil ediləcək. Ziyarətçilərə Agentliyin fəaliyyəti, layihə və proqramları barədə məlumat veriləcək, müraciət etmək istəyən şəxslərin qeydiyyatı aparılacaq.

 

Bundan başqa Agentliyin stendində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan əlilliyi olan şəxslərin əl işləri də nümayiş olunacaq.

 

Qeyd edək ki, 6-cı dəfə təşkil olunacaq sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək. Bu, sərginin keçirildiyi illər ərzində ən çox sayda yerli şirkətin bir araya gəldiyi tədbir olacaq.  

 

Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə ilk dəfə tanış ola biləcəklər. Nüfuzlu şirkətlərin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün bu il sərgi çərçivəsində mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə görüşləri təşkil olunacaq.

 

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/6-ci-yerli-sirketlerin-tanitim-sergisi

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz